Wednesday, February 06, 2013

«İstiqlaliyyət Güney Azərbaycan'ın haqqıdır»

oquzturk

«İstiqlaliyyət 

Güney Azərbaycan'ın 

haqqıdır»

Fevral, 6, 2013


Oğuz Türk: «Azərbaycan Respublikasına ilk dəfə qədəm basanda əyilib torpağını öpdüm»
«Güneyli-quzeyli birləşib Azərbaycan həqiqətlərini dünyaya yaymalıyıq»
«Xalq Cəbhəsi» qəzetinin «Güney Azərbaycan» səhifəsinin budəfəki qonağı əslən Güney Azərbaycandan olan, hazırda isə Kanadanın Toronto şəhərində yaşayan soydaşımız Oğuz Türkdür. O, 20 il əvvəl Kanadada yaradılan Azərbaycan Dərnəyinin təsisçilərindən biridir. Hazırda Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) Araşdırmalar Mərkəzinin rəhbəri, Kanadada fəaliyyət göstərən GAİP İnsan Haqları Mərkəzinin sədridir. Gənc yaşlarından İran rejimi əleyhinə fəaliyyət göstərən, Güney Azərbaycanın milli haqları uğrunda mübarizə aparan soydaşımızla daha yaxından tanış olaq.
- Güney Azərbacanda siyasi fəaliyyətə nə zamandan başladınız?
- Orta məktəbdə oxuyandan siyasi fəaliyyətə başlamışam. Buna görə də İranda ali təhsil ala bilmədim. İmkan vermədilər.
- Necə mane oldular?
- Orta təhsili bitirəndən sonra Tehran Universitetinə imtahan verib daxil oldum. Lakin İranda ən yüksək balla qəbul olan yüz tələbədən biri olsam da, ali təhsil almağıma icazə vermədilər. Mən bununla bağlı dövlət qurumlarına müraciət etdim. Səbəb kimi İran hökumətinə qarşı fəaliyyət göstərməyimi və İran-İraq müharibəsində iştirak etməməyimi göstərdilər. Buna aid sənədləri hələ də evimdə saxlayıram. 1983-cü ildən İran rejiminə xidmət edən heç bir addım atmayacağıma and içmişdim. Bu baxımdan hərbi xidmətə də getmədim, İran-İraq müharibəsinə qatılmadım. İranda rejim əleyhinə fəaliyyət göstərənlər bu cür qadağalar və məhdudiyyətlərlə qarşılaşırlar. Beləcə özəl müəllim olaraq litsey məktəblərinin birində çalışmağa başladım.
- Müəllim fəaliyyətinizdə də siyasi təbliğata davam edə bilirdinizmi?
- Əlbəttə. Siyasi düşüncələrimizi çalışdığımız hər sahədə təbliğ etməyə çalışırdıq. Amma o zamankı fəaliyyətimiz Güney Azərbaycandakı indiki hərəkatla müəyyən qədər fərqlənirdi və hələ indiki formanı almamışdı. Təxminən 80-ci illər idi.
- O zamankı və indiki hərəkatı necə müqayisə edərdiniz?
- Əvvəllər rejimdən tələblərimiz ümumi azadlıq və vətəndaş haqları idi. Hərəkatda milli çalarlar çox az idi.
- Məsələn, 80-ci illərdə hakimiyyətdən nələri tələb edirdiniz?
- Daha çox azadlıq və siyasi məhbusların azadlığa buraxılmasını istəyirdik. O zaman minlərlə hərəkatçı ya öldürülmüşdü, ya zindandaydı. İran dövləti basqısını gündən-günə artırırdı. Amma illər ötdükcə hərəkat daha da gücləndi və siyasi xətti tamamilə milli məzmun qazandı. İndiki aksiyalarda «Türk dilində mədrəsə, olmalıdır hər kəsə!», «Azərbaycan var olsun, istəməyən kor olsun!» kimi sırf milli məzmunlu şüarlar daha populyardırsa, o zaman sadəcə ümumi azadlığın verilməsi istənilirdi. Amma hərəkat genişləndikcə, gücləndikcə bizim fəaliyyətimiz də daha çox milli formaya keçdi. Bu gün Güney Azərbaycandakı hərəkat milli haqların müdafiəsi, istiqlaliyyətin qazanılması istiqamətindədir. Orada 35 milyondan çox soydaşımız ən ibtidai haqlarından belə məhrum yaşayırlar. Farslara tanınan haqlar Azərbaycan türkləri üçün təmin edilmir. Milli və hüquqi üstünlük farslara tanınır. Hüquq pozuntularına etiraz edənlər isə rejimin ağır basqıları ilə qarşılaşır. Halbuki sivil və demokratik ölkələrdə bütün vətəndaşlar qanun qarşısında bərabərdir və milli ayrı-seçkilik olmadan hər kəsə eyni haqlar verilir.
- Güney Azərbaycanda yaşadığınız müddətdə Azərbaycan Respublikası ilə bağlı hansı məlumatınız və təsəvvürləriniz vardı?
- Bizim ata diyarımız ve əslimiz Gəncə zonasındandır. Uzun illər əvvəl Güney Azərbaycana köçmüşük və mən də orada doğulmuşam. Bu baxımdan ailəmizdə hər zaman Azərbaycan Respublikası ilə bağlı söhbətlər olurdu. Uşaqlıqdan Azərbaycan Respublikasını qiyabi şəkildə tanıyırdım. Vətən vətəndir, onun şərqi, qərbi, güneyi, quzeyi olmaz.
- Azərbaycan Respublikasında olmusunuz?
- Bəli. Dəfələrlə olmuşam. Amma ilk dəfə 1993-cü ildə gəlmişəm. Mən niyyət etmişdim ki, Azərbaycan Respublikasına torpağını öpüb qədəm basacağam. Təyyarədən enən kimi də həmin neftli torpağı öpdüm.
- İlk təəssüratlarınız necə oldu?
- Yad yerə getməmişdim, öz Vətənimin quzeyində idim. Doğma bacı-qardaşlarımın arasında olmaq çox gözəl duyğular idi. İçimizdə hər zaman quzey həsrəti və nisgili vardı. Tikanlı məftillər millət kimi bizi ayırmağa nail olmadı. Bakıda qonaq deyildim, öz şəhərimdə idim. Güney Azərbaycanda olanda biz Azərbaycan Respublikasının da azadlığı haqqında düşünürdük. Fikirləşirdik ki, Güney Azərbaycanı azad edəndən sonra Azərbaycan Respublikasının da istiqlaliyyətə qovuşmasına çalışacağıq. Amma 90-cı illərin əvvəlində gördük ki, Azərbaycan Respublikasında hərəkat güclənib və azadlığa daha yaxınlaşıb. Biz o zaman Türkiyədə idik. Hadisələri diqqətlə izləyirdik, nəhayət Azərbaycan Respublikası istiqlaliyyətinə qovuşdu. Azadlıq Güney Azərbaycanın da haqqıdır və yaxındadır.
- Bəs Kanadada hansı fəaliyyətiniz var?
- Kanadada məskunlaşandan sonra Toronto Universitetinə daxil oldum. Burada ilk dəfə Azərbaycan Cəmiyyətinin təsisçilərindən biri və İdarə Heyətinin üzvü oldum. «Azerbaijan Post» adlı dərginin hazırlanmasına və nəşrinə yardım etdim. Toronto Universitetində ilk dəfə Azərbaycan Tələbə Dərnəyinin qurucusu və üzvü oldum. Orada da «Qurtuluş» dərgisinin nəşrinə yardım etdim. Yazılarım və şeirlərim həm Güney Azərbaycanda, həm Kanadada, həm də Almaniyada çap olundu. Azərbaycanla bağlı keçirilən bütün aksiyalarda çox fəal iştirak etdim, milli məsələlərimizin, Azərbaycanın təbliği ilə məşğul oldum. 90-cı illərdə erməni təcavüzünə qarşı Torontoda aksiyalar keçirdik. Sonralar Ermənistanın və İranın Kanadadakı səfirliklərinin qarşısında dəfələrlə piket keçirdik. İndiyədək də müntəzəm olaraq tədbirlər keçiririk. Qarabağla bağlı ən son GAİP-in təşəbbüsü və təşkilatçılığı ilə Kanadanın Liberal Partiyasından deputat seçilmiş Cim Karigiannis Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma prezident seçkilərində müşahidəçi qismində iştirak etməsinə etiraz olaraq aksya keçirdik. Çünki belə bir addım beynəlxalq qanunları pozmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı sayğısızlıqdır. Siyasi fəaliyyətində türk və makedon düşmənçiliyinin təbliğilə məşğul olan yunan əsilli Cim Karigiannis erməni təəssübkeşi kimi də tanınır. Azərbaycanın Ermənistanın işğalı altındakı ərazilərinə səfər Kanada qanunlarına da ziddir. Buna etiraz olaraq Kanada Liberal Partiyasının lideri Bob Rayenin ofisi qarşısında piket keçirdik. Aksiyada əlimizdə Azərbaycan bayraqları və xəritəsi oldu. Bu səpgili aksiyalarımız GAİP tərəfindən başqa ölkələrdə də keçirilir. Bildiyiniz kimi, qarşıdan 21 fevral Ümumdünya Ana Dili Günü və Xocalı faciəsinin ildönümü gəlir. Bununla bağlı da tədbirimiz olacaq. İndidən afişaları hazırlamışıq. Qarabağ bizim də qanayan yaramızdır. Əl-ələ verib düşmənə qarşı birgə mübarizə aparmalı, Azərbaycan həqiqətlərini dünyaya yaymalıyıq. Mən özümü bir Azərbaycan türk millətçisi hesab edirəm. Məqsədim Güney Azərbaycanın istiqlalıdır. Mənim millətçiliyim eyni zamanda mənim dövlətçiliyimdir. Ona görə də 

Azərbaycanımızın müstəqil parçası olan Azərbaycan Respublikasının dövlətçiliyi, inkişafı və bütün millətimizin müstəqil, azad bir Böyük Azərbaycanda yaşaması naminə mübarizə aparıram. Bu yolda inancım yalnız və yalnız Azərbaycan türklərinədir.

Turqut

http://www.xalqcebhesi.az/?p=116146



No comments: